Heç nə...

HEÇ NƏ…
Bu həyatı  Tanrı “heçnə”dən başladı, Tanrı da “heç nə” ilə bitirəcək…
Fərqli yerdə başlanan həyat fərqli yerdə sona ərəcək. Hər başlanğıc necə başlanmağından asılı olmayaraq, heç ehtimal belə etmədiyimiz sonla bitəcək. Bu son, kimi üçün yasadığı gözəl həyatın sonu, kimi üçünsə yaşadığı əzabların sonu olacaq. Əslində insan bir hadisəyə necə yanaşırsa, necə təhlil edib həyatına tətbiq edirsə nəticə ona əsaslanacaq. Bir hadisənin müsbət tərəflərini götürüb həyatına tətbiq edən insan üçün bu sonluq gözəl həyatin sonu, mənfi tərəflərinin təsirine düşənlər üçün ise bu sonluq çəkdiyi əzabların sonu olacaq. İnsan baxıışları doğrudan fərqlidi. Bəzən bu fərq insanları yorur. Sənin gördüyünün, duyduğunun ətrafınında duymasını istədiyi halda, ətrafın öz gördüyünü duyar. Əgər eyni hadisəyə baxıb tam fərqli görürsənsə bax bu insanı lap yorar. Sən baxıb“hər şey”görərsən, o baxıb “heç nə”. Ya  da tam əksi sənin gördüyün “heç nə” də o, dünyaları görər. Yənim xoşbəxtlik heç yerdə mövcud deyil. Xoşbəxtlik bizim baxışımızdadır. Xoşbəxtlik bizim həyatımızda necəliyindən asılı olmayaraq baş verən hadisələrə yanaşmağımızdadır. Xoşbəxtlik üçün yeganə ehtiyac insane özüdür. İnsan ömrünü demək olarki, yanlış gedənlərin ardından getməklə keçirir. Yanlış insanlar səhv yolda olduqları ücün yol uzun, çətin və nəticəsiz olur. Beləliklə o insanın ardınca gedən insan da yorulur. Artıq, insane demək olar həyatının müəyyən bir hissəsinə bəlkə yarısına, bəlkə də yarıdan çoxuna ya da sonuna çatır. Beləliklə həyatdan yorulur və artıq əlində olan    “heç nə”nin günahını taleyində görür. Həyatının qalan  hissəsini, ya da əslində qalmayan hissəsini sonda olduğunu düşünmədən talenin hökmünə buraxır. Öz aləmində taleyimə nə yazılıb onu yaşıyacam deyib özünə təsəlli verir. Bəlli bir yerdə ölüm qapını döyür və insan taleyimə bu gün yazılıbmış deyib gedir ikinci həyat ümidi ilə o biri dünya dedikləri aləmə. Əger o biri dünya dedikləri kimi mövcuddursa, sonsuzdursa bəs niyə bu dünya mövcuddur? Bir dünya olardı, Allah insanlara xoşbəxtlik üçün zəruri olanları verəydi, pislik anlayışı olmazdı. Heç kəs özünü cənnətə düşmək yolunda yaxşılıq etməyə məcbur etməzdi. Hamı, ehtiyacı olan hər şeyə sahib olsa bu dünyada kin, cəkişmə, paxıllıq, hərislik, həsəd kimi xoşbəxt olmağımıza mane  olan anlayışlar olmazdı. Bu qədər dünya, bu qədər insanlar bəs niyə yaranmışdı eger bu dünya müvəqqəti o biri əbədidirsə? Elə əbədi dünyada yaranaydıq?!
Bu fikirlərimin əslində mübahisəyə səbəb olacağını və ilk veriləcək sualın nə olacağını da bilirem. Axı heçnə boşluqdan yaranmır, mütləq mövcud olan vardır?! Onda cavabım sadəcə belə olar: Bax, özünüz də mövcud olduğuna inandığınız varlığı “heç nə” adlandırdınız, ”heç nə” boşluqdan yaranmır deye sual verdiniz. Demek ki, ” heç nə” elə “hər şey” deməkdir.
Bir onu bilirəmki, insane müvəqqəti varlıqdır. Ne yaşadıq, nə gördük bu yaşadıgımız müddətdədir. Bundan sonrası sadəcə insanları sonlu həyatdan qorxutmamaq üçün müdrik insanların uydurduğu müdrik yalanlardır. Sonsuz deyilən bir anlam yoxdur. Mütləq hər baslanğıcın bir sonu vardır. İnanınki, əgər inandığınız ikinci dünya varsa belə, onun da sonu olan üçüncü dünya mövcuddur. Əbədi heç nə yoxdur. Gəlin bu gün var olan hər şeye real yanaşaq, həyatı real yaşayaq. Bu gun həyatımızda olanlarin əslində heç birinin bizim olmadığını anlayaq. Özümüzü sonsuzluğa alışdırmayaq. Bu yaşamın sonu olacağını və yarandığımız “heç nə”yə qayıdacağımızı qəbul edək. ”Heç nə”dən yaranıb sonda bir “heç nə” oluruq. Demək ki, sonsuzluğun qanunu belədir: Baslanğıcın sonu, baslanğıca qayıtmaq deməkdir. Bu da ”heçnə”nin başlanğıcının ”heçnə” sonu…

Məmmədova Naciə